Ölkəmizdə dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq öz bəhrəsini verir.
Azərbaycan Velosiped Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub.
Bu məqsədlə federasiyamız yarandığı ilk gündən ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyib, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoyub.
Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi, "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, Sumqayıt Velosiped İdman Klubu, 7 saylı İdman Olimpiya Məktəbi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, İsmayıllı, Şamaxı və Oğuz rayonlarında inkişaf etdirilir.
Federasiyamız ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.
Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan Velosiped Federasiyası tərəfindən irəli sürülmüş “Azərbaycan İstedadları Proqramı” layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmaq üçün velosipedçi idmançıların idman karyeralarına dəstək olmaqdır. Velosipedçi idmançılar isə bu məqsədə nail olmağa can atmalıdırlar.