Veloidman haqqında

Veloidman tarixi

1817

Drays

1860

Pedallı velosiped

1869

İki təkər velosiped

1870

Böyük təkər velosiped

1890

Təhlükəsiz velosiped

1960

Yarış velosipedi

1970

Dağ velosipedi

Velosiped - (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir.

Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.

Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. Ilk velosipedin görünüşü müasir velosipedlərdən tamami ilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu idarə olunan velosiped olub, demək olar ki tamami ilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 s/km çox olmurdu.Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.

1819-cu ildə İsveçdə ilk velosiped yarışı keçirilir. Almaniyada belə yarış 1829-cu ildə keçirmişdir. Daha sonra Avropa ölkələrinin əksəriyyətində velosiped yarışları keçirilməyə başlayır. 1893-cü ildən velosiped idmanı üzrə dünya, Avropa və digər yarışları keçirilir. Velosiped yarışları ilk Olimpiya Oyunları proqramına daxil olub. Velosiped idmanında şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var. 1900-cü ildə Parisdə Belçika, ABŞ, Fransa, İtaliya və İsveçrənin velosiped idmanı təşkilatları tərəfindən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) əsası qoyulmuşdur. UCI beynəlxalq səviyyədə keçirilən velosiped yarışlarını təşkil edir. Təşkilatın baş ofisi Cenevrədə yerləşir. İşçi dili fransız dilidir. Beynəlxalq Velosipedçilər İttifaqı Həvəskar Velosiped İdmanı və Professional Velosiped İdmanı üzrə iki beynəlxalq federasiyadan ibarətdir. İttifaqın üstün orqanı olan konqres ildə 3 dəfə toplaşaraq cari məsələləri, ittifaqa üzvlüyü, yarışların təqvimini və s. müzakirə edir. Hazırda velosiped üzrə dünyada ən nüfuzlu yarışlar Fransada keçirilən “Tur de Frans”, “Dofine Libere”, “Kriterium du Dafin”, İspaniyada keçirilən “Vuelta”, İtaliyada keçirilən “Giro de İtalio” turniri hesab olunur.

1817

Drays

1860

Pedallı velosiped

1869

İki təkər velosiped

1870

Böyük təkər velosiped

1890

Təhlükəsiz velosiped

1960

Yarış velosipedi

1970

Dağ velosipedi

Azərbaycan veloidman tarixi

Azərbaycan veloidman tarixi

Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayır. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılıb. Spartakiadalar, Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.

Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələrindəndir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdiriblər. Yarışda iştirak edən velosipedlərin sürəti saatda 30-35 km idi. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olunmuşdu. Bunlardan Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqalarının adını çəkə bilərik. Hüseyn Zərgərli dünya yarışlarında iştirak etmiş və ümumittifaq dərəcəli hakimdir.

Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başlayıb. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri, qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak edirdilər.

1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları çempionatlarda uğurla iştirak edirdilər. Bu da danılmaz faktdır ki, Alxas Talıbov və Ələddin Şabanov Avropada keçirilən turnirlərdə göstərdikləri uğurlara görə medal, diplom və təşəkkürnamələrlə təltif olunublar. Ələddin Şabanov 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomaratonlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Bütün bu uğurların nəticəsi idi ki, Azərbaycan velosipedçiləri artıq Olimpiya Oyunları üzrə beynəlxalq konfranslarda iştirak edirdilər.

1980-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilib. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa qatılıb. Ölkə velosipedçiləri təmsil olunduqları konfransda müxtəlif diplomlarla təltif olunublar. 90-cı illərdən başlayaraq, Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatında iştirak ediblər. Bu dövrlərdə keçirilən yarışlarda velosipedin sürəti artaraq saatda 40 kilometrə çatıb.

1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiynə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq - Gəncə arasında 4 min km məsafədə velosiped yürüşü təşkil olunub. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak ediblər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma özünü göstərməkdədir.

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident seçildikdən sonra ölkəmizdə Olimpiya Hərəkatı sürətlə inkişaf etməyə başlayıb. Məhz Onun səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf edib. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped Federasiyası yaradılıb.

Azərbaycanda velosiped idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi üçün ölkəmizə İtaliya və Fransa istehsalı olan velosipedlər gətirilib. Nəticədə Azərbaycan Velosiped Federasiyasının (AVF) Veloparkı tədricən yeniləşdirilib. Bütün bunlar sayəsində Azərbaycanda daha yüksək səviyyəli velosiped yarışlarının keçirilməsinə başlanılıb.

Azərbaycanda velosiped idmanına marağın böyük olmasının nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən beynəlxalq miqyaslı Velosiped idmanı muzeyidir. Yarım əsr müddətində muzey velosipedin tarixinə aid materiallar, bu idman növünə aid əldə olunan nəticələr və velosipedlə bağlı müxtəlif hadisələrlə zənginləşib. Velosiped muzeyinin yaradıcısı velosiped idman növü üzrə Azərbaycanı dünya çempionatlarında təmsil etmiş Ələddin Şabanovdur. Muzeyin səyyar sərgiləri bu günədək bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında nümayiş etdirilib. Muzeyin səyyar sərgisi respublikamızın Olimpiya Komitəsində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə də nümayiş olunub. Muzeyin zəngin ekspozisiyalarında əsas yerlərdən birini dünyanın ən böyük yarışlarını əks etdirən eksponatlar tutur.