İsmayıllı filialı

2016-cı ildə Azərbaycanda ilk genişhəcmli velosiped istehsalı üçün zavodun İsmayıllıda fəaliyyətə başlaması bu ərazidə velosipedə marağı ötən illərə nisbətən daha da artırıb və velosiped həvəskarlarının birləşməsinə yol açıb. 2018-ci ildən İsmayıllı rayonunda bir neçə velosiped klubları yaradılıb və fəaliyyətləri bərpa olunub. Bir çox özəl təşkilatlar və dövlət müəssisələrində fərdi şəxslərin velosipedə maraqları nəzərə alınaraq, müəssisələrin daxilində velosiped klublarının yaradılması təşviq edilib. İlk belə klub İSMA Bike MMC-nin kollektivində yaradılıb. Bu klubun ən gənc üzvünün 19, ən böyük üzvünün isə 58 yaşı var. Ümumilikdə İsmayıllıda rəsmi qeydiyyata alınan və fəaliyyət göstərən 25 peşəkar, 18 həvəskar velosipedçi var.


“Azərbaycan Velosiped Federasiyası İctimai Birliyi”nin 4 aprel 2022-ci il tarixli 03 nömrəli əmrinə əsasən Federasiyanın İsmayıllı filialı yaradılıb və fəaliyyəti üçün velosiped, texniki avadanlıq, geyim və aksesuarlarla təmin edilib. İsmayıllıda fəaliyyət göstərən klublarda əsasən şagirdlər, yeniyetmələr və gənclər üstünlük təşkil edir. AVF İsmayıllı filialında “İvanovka”, “Topçu”, İSMA velosiped klubları qeydiyyata alınıb və fəaliyyət göstərirlər.


AVF İsmayıllı filialı rayonda fəaliyyət göstərən velosiped idmanı məşqçiləri ilə toplantılar keçirərək bu idman növünə marağın artırılmasına, kütləviliyin təmin olunmasına nail olmağa çalışır və bu istiqamətdə bütün təkliflər təhlil edilir. Bunun üçün AVF və Təhsil Nazirliyi arasında bağlanmış memoranduma əsasən, orta məktəblərdə, İsmayıllı Humanitar Kollecində və digər təyinatlı təhsil ocaqlarında təbliğat və təşviqat işləri aparılır, idmançı namizədlərlə bir çox maarifləndirici tədbirlər təşkil edilir, əyani, nəzəri və praktiki məşğələlər təşkil edilir.


İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Olimpiya İdman Kompleksi MMC, Topçu kənd tam orta məktəbi, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi və digər məktəblərlə qarşılıqlı fəaliyyət göstərilir.


Azərbaycan Velosiped Federasiyasının İsmayıllı filialının direktoru İsmət Mirzəfərlidir.

Ünvan : İsmayıllı şəhər Nizami küçəsi 32 

Poçt ünvanı: AZ 3100

Əlaqə: +994 77 591 34 40