Para-velosiped

"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi 27 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Təsisçilər 1-ci qrup fiziki məhdudiyyətli əlil arabası istifadəçisi Amid Həsənquliyev və 1-ci qrup Qarabağ qazisi, əlil arabası istifadəçisi Bəhlul Əliyevdir.


“Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin əsas məqsədlərindən biri paytaxtda və bölgələrdə müxtəlif “handbike” yürüş və yarışları keçirmək, bununla da əlilliyi olan şəxsləri aktiv həyat tərzinə alışdırmaq, onların sırasından ölkəmizə peşəkar idmançılar qazandırmaqdır. Əl velosipedi idmanı (handbike) qeyd edilən şəxslər üçün həm reabilitasiya xarakteri daşıyır, həm onların sağlam həyat tərzini təmin edir, həm də asudə vaxtlarının səmərəli keçməsinə və onların özünə inamının artırılmasına səbəb olur.


Paravelosiped idmanı (Para-cycling) fiziki məhudiyyətli insanlar üçün nəzərdə tutulan idman növlərindən biridir. Bu idman növünün yaranma tarixi 1980-ci illərə təsadüf edir. Para-velosipedlə ilk dəfə öndə pilot, arxada gözdən əlil idmançı əyləşmək şərtilə görmə məhdudiyyətli şəxslər yarışıblar. İllər keçdikcə paravelosiped idman növü ilə serebral iflicdən əziyyət çəkən, ayağı və əli amputasiya olunmuş, hətta əlil arabasından istifadə edən fiziki məhdudiyyətli şəxslər məşğul olmağa başlayıblar.


Əllə idarə olunan velosiped növündə ilk dəfə Azərbaycanda 2017-ci ildə 1-ci qrup əlil arabası istifadəçisi Amid Həsənquliyev tərəfindən təsis edilən Azərbaycan Əlil Velosipedçilər Klubu və İctimai Birliyi olaraq öz düzəltdikləri velosiped növü ilə Heydər Əliyev Fondunun təşkil etdiyi Marafonda “Siz ayaqlarınızla qət etdiyiniz yolu biz əllərimizlə qət edirik” şüarı altında çıxış ediblər və bir çox velosiped idmanı klubları ilə inklüziv yürüşlər həyata keçiriblər.


“Para-cycling” idman növü 1 noyabr 2018-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsində 15-ci idman növü olaraq yaradılıb. Azərbaycanda “Para-cycling” idman növünün daha çox təbliğ olunan növü “handcycle”dır.


Əl velosipedi idmanı (handcycle) əl ilə idarə olunan velosipedlərin (handbike) köməyi ilə icra olunan idman növüdür. Əl velosipedi nəinki hamar səthlərdə yüksək sürətlə hərəkət edir, hətta ən sərt yollardan belə rahatlıqla keçir. Sadə dizaynı ilə seçilən əl velosipedləri asan idarə edilən quruluşa malikdir. Əl velosipedi idmanı ilk dəfə 2000-ci ildə Sidneydə keçirilən Yay Paralimpiya Oyunlarının gündəliyinə daxil edilib. Bu idman növü reabilitasiya xarakterlidir, fiziki məhdudiyyətli insanlara özünəgüvən aşılamaqla yanaşı, həm də onların sağlam həyat tərzi sürmələrini təmin edir. Fiziki məhdudiyyətli uşaqlar və yeniyetmələr də əl velosipedlərindən asanlıqla istifadə edə bilərlər. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bu idman növündə ən ali mükafata layiq görülmüşlər arasında həm əlil arabasında olan, həm gözdən əlil gənclər, ümumiyyətlə əksər fiziki məhdudiyyətli kişilər və qadınlar var. Əl velosipedi idmanı Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən paravelosiped kateqoriyasına daxil edilmiş peşəkar idman növüdür.


Ümumiyyətlə, para-cycling idman növü yaşından asılı olmayaraq, bir çox əlillik kateqoriyalarından olan insanlar, xüsusən də dayaq hərəkət sistemində problemi olan şəxslər üçün çox önəmli idmandır.


Hazırda ölkəmizdə bu idman növünün inkişafı üçün Azərbaycan Velosiped Federasiyası tərəfindən (Respublika Velotrekində) hər bir şərait yaradılıb və əməli işlər aparılır.


2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi Amerikadan 6 ədəd əllə idarə olunan velosipedlər alıb.


2021-2022-ci illər ərzində qazilər və əlilliyi olan şəxsləri para-velosiped idman növünə cəlb etməklə yanaşı, bir çox inklüziv yürüşlər və yarışlar həyata keçirilib.


Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə əllə idarə olunan velosiped ilə 2019-cu ilin sentyabr ayının 11-15-də Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında ölkəmizi para-velosiped idman növü üzrə milli komandamızın idmançısı Mehman Ramazanzadə təmsil edib.


"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri Amid Həsənquliyevdir.

Əlaqə:

+994774691500

+994502761126

+994 50 276 11 26

+994 77 469 15 00