Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi

Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini vermiş məktəblərdəndir. Məktəb 1984-cü ildə yaradılıb və Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydanında, həm Veloparkda, həm də ölkə daxilində şose yollarında keçirlər.


Məktəbin yetirmələrinin uğurları:


Məktəbin yetirmələrinin uğurlarından söz açarkən, ilk növbədə Oleq Nojinin 1997-ci ildə gənclərin İtaliyada keçirilmiş Avropa çempionatında ”Sprint”də qazandığı gümüş və vaxt üzrə fərdi yürüşdə qazandığı bürünc medalı qeyd etmək lazımdır.


Elə həmin il məktəbi təmsil edən idmançılar Türkiyədə yeniyetmələr arasında keçirilmiş beynəlxalq yarışda 3-cü yeri tutublar. Bundan əlavə, 2001-ci ildə dünya çempionatında Oleq Nojin trekdə 1 km məsafə yarışında 7-ci, İqor Demyaşkin xal üzrə qrup yarışında 9-cu, şose üzrə isə 20-ci yeri tutub.


Məktəbin yetirməsi Elnarə Musayeva (hazırda Azərbaycan Velosiped Federasiyasının baş katibi) 2007-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş dünya çempionatında “B” qrupunda trekdə vaxt üzrə fərdi yarışda 5-ci, şosedə 86 km-lik yarışda 24-cü olub.

 

ROEQİUGVM-in daha bir yetirməsi son zamanların ən perspektivli idmançısı sayılan Elçin Əsədovdur. O, 2015-ci ildə “Tour d’Azerbaïdjan” yarışının 1-ci mərhələsinin ən yaxşı dağ velosipedçisi, 2017-ci ildə “Tour du Maroc” yarışdında 7-ci mərhələnin qalibi,  2019-cu ildə Mərakeşdə “Challenge du Prince - Trophée de l'Anniversaire” yarışında 2-ci, 2019-cu ildə Mərakeşdə “Challenge du Prince - Trophée de la Maison Royale” yarışında 3-cü, 2019-cu ildə Türkiyədə “Tour of Kayseri” yarışının 2-ci mərhələsində və ümumi təsnifatda 3-cü, 2020-ci ildə Türkiyədə “Grand Prix Velo Erciyes” yarışında 3-cü, Malayziyada “Tour of Peninsular” yarışının 1-ci mərhələsində 1-ci yerə layiq görülüb. E.Əsədov 2021-ci il Tokio Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmiş ilk Azərbaycan velosipedçisi olub. O, 2022-ci ilin 9-10 iyulunda keçirilən “Əziz Şuşa” beynəlxalq turnirində fərdi və qrup ötüşməsində qızıl medal qazanıb.


Məktəbin digər yetirməsi Nəcəf Bağırov 2019-cu ildə İran İslam Respublikasında Kerman Turunun (gənc oğlanlar) 1-ci mərhələsində komanda ötüşməsində 2-ci yerə, yarışın 2-ci mərhələsində qrup ötüşməsində 3-cü yerə çıxıb.


Elə həmin il Nikita Sitov Belçikada beynəlxalq turnirdə (U-17 oğlanlar) qrup ötüşməsində I yerə layiq görülüb.


ROEQİUGVM-in daha bir yetirməsi Ayan Xankişiyeva trek velosipedi üzrə dünya reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub.


Məktəb rəhbərliyi 10 yaşdan etibarən oğlan və qızları idmanın bu növü ilə məşğul olmaq üçün velosiped idman məktəbinə dəvət edir.

 

Ünvan: Bakı şəhəri, 20 Yanvar dairəsi, Moskva pr. 3007-ci məhəllə

Əaqə: (+99412) 404 78 57