09 oktyabr, 2022 16:38
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhəri və Göygöl rayonunda keçirilən şose velosipedi üzrə (çoxgünlük ötüşmələr) Azərbaycan çempionatına yekun vurulub.
Oktyabrın 9-da yarışın sonuncu - dördüncü mərhələsi baş tutub. 37 idmançının iştirak etdiyi bu mərhələdə Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığından Bakı - Ələt - Qazax - Gürcüstan yolu istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 km məsafədə fərdi ötüşmə növündə güclərini sınayıblar.
Dördüncü mərhələnin nəticələrinə əsasən, qadınlar arasında yarışda Viktoriya Sidorenko (ROEQİUGVM) finişə 18 dəqiqə 31 saniyəyə çataraq birinci yerə layiq görülüb. Radha Şabanova (ROEQİUGVM) 18 dəqiqə 56 saniyə nəticə ilə ikinci, İradə Əbdürəhmanova (Təhsil RİM) 19 dəqiqə 49 saniyə nəticə ilə üçüncü yerdə qərarlaşıb.
Kişilər arasında mübarizədə isə Musa Mikayılzadə hamıdan sürətli olaraq qızıl medal qazanıb. O, məsafəni 14 dəqiqə 16 saniyəyə tamamlayıb.
Elçin Əsədov 14 dəqiqə 25 saniyə nəticə ilə gümüş, Kamran Mirzəxanov 15 dəqiqə 4 saniyə nəticə ilə bürünc medal qazanıb.
Dördüncü mərhələnin nəticələri bəlli olandan sonra ümumi təsnifat üzrə qaliblər də müəyyənləşib.
Belə ki, Viktoriya Sidorenko (ROEQİUGVM, 03:57.27) qadınlar arasında Azərbaycan çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 04:00.43) ikinci, İradə Əbdürəhmanova (Təhsil RİM, 04:13.29) üçüncü yerə çıxıb.
Kişilər arasında isə Musa Mikayılzadə (MSN, 05:14.36) ölkə çempionatının qalibi olub və qızıl medal qazanıb. Elçin Əsədov (Sakarya BB Pro Team, 05:14.43) gümüş, Nofəl Nuriyev (MOİK, 05:16.00) bürünc medala layiq görülüb.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar. İdmançılara mükafatları Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Rəsulov təqdim ediblər.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən dörd mərhələli Azərbaycan çempionatının birinci və üçüncü mərhələlərində idmançılar dairəvi yarışda, ikinci mərhələsində isə qrup ötüşməsində mübarizə aparıblar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu