Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 fevral, 2020 16:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir.

Azərbaycan idman ölkəsi kimi artıq beynəlxalq aləmdə geniş tanınır, respublikamızın idman sahəsindəki uğurlarını, Olimpiya və Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələri idman ictimaiyyəti yüksək qiymətləndirir. Son illərdə Azərbaycanda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 kimi irimiqyaslı yarışlar buna əyani sübutdur.

Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür.

2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına hazırlıq işlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Paralimpiya Komitəsi və müvafiq idman federasiyaları həyata keçirirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2020-ci il.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu