23 iyun, 2022 14:52
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Beynəlxalq Velosipedçilər İttifaqı”nın Etik Kodeksinin 1-ci maddəsinə və “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin (bundan sonra -Birlik) Nizamnaməsinin 5.10-cu bəndinə əsasən hazırlanmışdır və Birliyin, habelə filial və klublarının (bundan – sonra Bölmələr) gündəlik fəaliyyətinə cəlb edilmiş idmançılarının, məşqçilərinin, hakimlərinin, könüllülərinin, bütün əməkdaşlarının və Birliyin fəaliyyətinə cəlb edilmiş hər bir şəxsin (bundan sonra - İştirakçılar) etik davranış qaydalarını, prinsiplərini, onlara əməl edilməsi, maraqların toqquşmasının qarşısının alınması, məlumat mübadiləsi və paylaşımı, tədbirlər zamanı davranış və bu kimi münasibətləri müəyyən edir.
1.2. Bu Qaydanın məqsədi Birliyin və bölmələrinin nüfuzunun artırılması, sağlam və təhlükəsiz mühitin yaradılması, ictimaiyyətin velosiped idmanı növünə marağının yüksəldilməsi, kütləviliyin artırılması, bu idman sahəsində milli kadrların və idmançıların hazırlanması, habelə Birliyin və bölmələrin fəaliyyətində səmərəliliyin daha da artırılmasının təmin olunmasıdır.
2. Etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi
(dürüstlük və hörmət, şəxsi məsuliyyət, ləyaqət, etimad, qərəzli,
əsassız şikayət və iddiaların yolverilməzliyi)
Bütün iştirakçılara aid davranış qaydalarının əsas prinsipləri.
Bütün iştirakçılara aid davranış qaydalarının əsas prinsipləri aşağıdakılardan ibarətdir:
2.1. İştirakçılar:
2.1.1. öz fəaliyyətlərində insan və vətəndaşların hüquq və azadlıqlarına hörmət, qanunçuluq və digər demokratik prinsipləri, habelə milli, mənəvi və ümumbəşəri əxlaqi keyfiyyətlərə əsaslanan yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydanın müddəalarına əməl etməyə borcludur;
2.1.2. qanunazidd davranışların qarşısının alınması üçün mümkün hər növ qanuni vasitələrdən istifadə etməklə öz səlahiyyətləri çərçivəsində təsirli tədbirlərin görülməsinə borcludurlar, buna görə mənəvi və hüquqi məsuliyyət daşıyırlar, fəaliyyətlərində etik davranışa yalnız bu Qayda ilə deyil, mümkün etik davranışlara əməl etməklə yüksək nümunəvi davranışa nail olmalıdırlar;
2.1.3. insan haqları və ləyaqətlərinə hörmətlə yanaşılmalıdır. İrqi, cinsi, dini mənsubiyyətinə, dilinə, siyasi baxışlarına, milli və sosial mənşəyinə, fiziki və ya əqli imkanlarının məhdud olmasına və s. səbəblərdən asılı olmayaraq ayrı-seçkiliklərə, hər hansı bir formada təqib, təhqir, təsir, etinasızlıq da daxil olmaqla istənilən pozuntulara yol verməməli, belə hallar aşkar edildikdə dərhal müvafiq tədbir görməlidirlər;
2.1.4. göstərilən etimad və etibardan, tutduqları vəzifənin səlahiyyətlərindən və nüfuzundan sui-istifadə etməməli, nümunəvi davranış göstərməlidirlər;
2.1.5. öz fəaliyyətlərini qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə, Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Velosipedçilər İttifaqının, Avropa Velosipedçilər Birliyinin, Olimpiya Hərəkatının Anti-dopinq, Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Milli Antidopinq Agentliyinin, idman haqqında qanunvericiliyin, Birliyin və onun bölmələrinin müvafiq tələblərinin yerinə yetirilməsi dürüst şəkildə təmin olunmalıdır;
2.1.6. Birliyin və bölmələrinin, əməkdaşlıq etdiyi digər təşkilatların, qurumların qanuni maraqlarına, işçilərinin şərəf və ləyaqətinə, habelə işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidirlər;
2.1.7. şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır;
2.1.8. hər bir halda öz şərəf və ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata keçirərkən, fəaliyyətlərinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir;
2.1.9. fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, habelə ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;
2.1.10. qarşılıqlı münasibətlər zamanı, nitq mədəniyyətinə riayət etməli, bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalı, digər şəxslərlə qarşılıqlı münasibətlərini müəyyən qanuni hərəkətlərə və ya praktikaya əsaslanan inam və hörmət prinsipi əsasında qurmalıdırlar;
2.1.11. fəaliyyəti dövründə, habelə iştirakçılıqdan çıxarılmasından sonra əldə etdiyi ictimaiyyətə açıq olmayan bütün məlumatların konfidensiallığını təmin etməlidirlər, həmin məlumatlardan şəxsi maraqları üçün istifadəsi yolverilməzdir;
2.1.12. fəaliyyəti zamanı düzgün davranış nümayiş etdirməli, etik davranış prinsiplərinə əməl etməklə Birliyin əməkdaşlıq etdiyi təşkilatlar arasında yaranmış maraq toqquşması haqda struktur üzrə rəhbərliyinə məlumat verməlidirlər;
2.1.13. öz vəzifələrini səy və diqqətlə yerinə yetirməli, Birliyin və bölmələrin nüfuzuna təsir göstərə biləcək qərar verərkən diqqətli və ədalətli olmalı, öz səlahiyyətlərinə aid olmayan və hər hansı bir yanlış bəyanat verməkdən çəkinməlidirlər. Birliyin və bölmələrinin Nizamnamə, Əsasnamə və müvafiq qaydalarına uyğun olmayan kənar şəxs və təşkilatlarla əlaqə saxlaya bilməzlər;
2.1.14. digər iştirakçıların fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbul edilmiş əsaslı qərarların dəyişdirilməsinə və buna hər hansı bir formada təsir göstərilməsinə yol verilmir, qərəzli və əsassız iddia və şikayət Birliyin dəyərlərinin dürüstlüyünə ziddir və bu kimi hallar pozuntu hesab olunur;
2.1.15. irq, dəri rəngi, cinsiyyət, cinsi oriyentasiya, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, mülkiyyət, fiziki və ya əqli imkanların məhdud olması, fiziki xüsusiyyətlər və ya statusdan asılı olmayaraq hər zaman bütün şəxslərə münasibətdə hörmət nümayiş etdirərək ləyaqətlə davranmalıdırlar;
2.1.16. dürüst və obyektiv olmalı, qəbul etdikləri qərar və atdıqları addımlar üçün məsuliyyət daşımalıdırlar;
2.1.17. şəxsi ədavət və münaqişələrə yol açan davranışlardan çəkinməlidirlər;
2.1.18. ədalət prinsipi kimi idmanın müsbət tərəflərini daim önə çəkməli və həmin dəyərlərin həm yarış zamanı, həm də yarışdan kənar vaxtlarda qorunub saxlanılmasına çalışmalıdırlar;
2.1.19. müvəffəqiyyət və uğursuzluğu, qələbə və məğlubiyyəti ləyaqətlə qəbul etməlidirlər;
2.1.20. qəbul olunan qərarların təhqir, şiddət və təqib məqsədi daşımadığına və ədalətin bərqərar olmasına və obyektivliyin təmininə xidmət etməsinə əmin olmalıdırlar. Qəbul olunan qərarlar obyektiv və ədalətli olmalıdır;
2.1.21. təhqir etmək, şiddət göstərməkdən və ya fiziki xəsarət yetirməkdən, irq və ya gender ayrıseçkiliyi salan, arzu olunmayan, alçaldıcı və ya ziyanverici davranış və ya sözlərdən, ümumiyyətlə xoşagəlməz təəssürat yaradan hallardan çəkinməlidirlər;
2.1.22. dopinqsiz idman dəyərlərini qoruyub saxlamalıdırlar. Narkotik, psixotrop maddə və ya qadağan olunmuş digər vasitə və maddələrdən və ya üsullardan istifadəni heç vaxt təbliğ etməməli və ya belə hallara biganə qalmamalıdırlar;
2.1.23. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan fəaliyyətlərlə məşğul olmamalı və ya onları təbliğ etməməlidirlər;
2.1.24. təhqir və təhrikedici, münaqişəyə yönələn, habelə hədələyici sözlər və ya davranışa qarşı çıxmalı və bu haqda vaxtında aidiyyəti üzrə məlumat verməlidirlər;
2.1.25. Birliyin sponsorlarla bağladığı müqavilələrin şərtlərinə qarşılıqlı hörmət və etimad prinsiplərini rəhbər tutmaqla riayət etməlidirlər;
2.1.26. Birliyin və bölmələrinin strategiya və qaydalarına daim əməl etməlidirlər;
2.1.27. idmançılar və məşqçilər, məşqçilər və rəsmi şəxslər, məşqçilər və valideynlər və ya rəhbər orqanlar arasında olan məlumatların məxfiliyini qoruyub saxlamalıdırlar;
2.1.28. Birlik və bölmələri ilə bağlanan bütün müqavilələrdə qeyd olunan öhdəlikləri layiqincə yerinə yetirməli, işgüzar nüfuzlarına xələl gətirəcək davranışlardan çəkinməlidirlər;
2.1.29. Birliyin və bölmələrin qayda və təlimatlarına riayət etməlidirlər;
2.1.30. vəzifələrinin icrası üçün istifadə etdiyi əmlakı qorumalı, sui-istifadə etməməli və ya zərər verməməlidirlər;
2.1.31. sağlam və təhlükəsiz iş və ya məşq mühiti yaratmağa çalışmalı, texniki təhlükəsizlik tələblərinə, əmək təhlükəsizliyi qaydalarına riayət etməli, özünün və başqalarının həyatını və sağlamlığını təhlükə altına qoyan davranışlardan çəkinməlidirlər.
2.2. İdmançılara aid davranış qaydalarının əsas prinsipləri
İdmançılara aid davranış qaydalarının əsas prinsipləri aşağıdakılardır:
2.2.1. Birliyin və bölmələrin Nizamnamə və Əsasnamələrini, velosiped idman növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara əməl etməlidirlər;
2.2.2. Birlik arasında bağlanmış müqavilənin müddəalarına əməl etməlidirlər;
2.2.3. hər il üçün müvafiq yığma komandanın Baş məşqçisi tərəfindən tərtib edilmiş və Birliyin Baş katibi tərəfindən təsdiq olunmuş məşq planını yerinə yetirməlidirlər;
2.2.4. spirtli içki, narkotik, psixotrop maddələr və Beynəlxalq Anti-Dopinq Agentliyi tərəfindən qadağan olunmuş digər maddələrin və üsulların istifadəsindən çəkinməlidirlər. Dopinq testlərinin götürülməsi ilə bağlı qaydalara riayət etməlidirlər;
2.2.5. məşqçi və digər rəsmi şəxslərlə ciddi surətdə müvafiq peşəkar münasibətləri qoruyub saxlamalıdırlar;
2.2.6. narazılıq və narahatlıqlar olduqda, valideyn, məşqçi və digər rəsmi şəxslərə bu haqda məlumat verməyə şüurlu şəkildə cəhd göstərməlidirlər;
2.2.7. digər şəxslərlə münasibətdə hörmətlə və peşəkarcasına davranmalı və ünsiyyət qurmalıdırlar. Sosial media vasitələrindən digər şəxslərin təhqir olunması və ya idmanın nüfuzuna xələl gətirəcək tərzdə sui-istifadə etməməlidirlər;
2.2.8. lazımi müalicənin olunması üçün hər hansı bir zədə və ya hadisə haqda məşqçi və tibbi heyətinə məlumat verməli, idman menecerləri, həkim (idman həkimi) və fizioterapevtləri ilə əlaqə saxlamalıdırlar;
2.2.9. məşqçi və ya digər şəxslər tərəfindən nalayiq davranış və ya xoşagəlməz hadisələr törədə biləcək davranışlara şübhə doğuran hallar haqda müvafiq səlahiyyətli şəxslərə məlumat verməlidirlər;
2.2.10. yarışlarda hakim və ya digər rəsmi şəxslərin qərarlarına ehtiramla yanaşmalıdırlar. Şikayət, fikir ayrılıqları və ya münaqişələr haqda məlumat Birliyin və ya bölmənin rəhbərliyinə çatdırılmalıdır;
2.2.11. velosiped idmanının bütün növləri ilə məşğul olduqda nizam-intizama riayət etməli, hazırlıqlı olmalı və hər bir işi vaxtlı-vaxtında görməlidirlər.
2.3. Məşqçilərə aid davranış qaydalarının əsas prinsipləri
Məşqçilərə aid davranış qaydalarının əsas prinsipləri aşağıdakılardır:
2.3.1. Birliyin və bölmələrin Nizamnaməsi, Əsasnaməsini, velosiped idmanı növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara əməl etməlidirlər;
2.3.2. kollektivin sağlamlığı, təhlükəsizliyi və rifahını hər şeydən üstün tutmalıdırlar;
2.3.3. idmançıların zədələnmə təhlükəsini azaltmalı və onların fiziki hazırlığının və ümumi inkişafına böyük əhəmiyyət verməlidirlər;
2.3.4. hər bir idmançının yaş və bacarıq səviyyəsinə uyğun olan və əvvəlcədən planlaşdırılmış məşq proqramına əməl etməsini təmin etməli və bu barədə onların valideyn və ya qanuni nümayəndəsinə məlumat verməlidir;
2.3.5. İdmançı, valideyn və ya rəsmi şəxslərlə peşəkar münasibət hədlərini ciddi surətdə qoruyub saxlamalıdırlar. Yarış zamanı valideynlərin idmançı, məşqçi və ya hakimlə ünsiyyət qurmasının qadağan olduğunu dərk etməli və bunun qarşısını almalıdırlar;
2.3.6. idmançıların bildirdikləri narahatlıqlara diqqətlə qulaq asmalı və məsələnin həll olunması üçün bununla bağlı zəruri hesab edilən əlavə tədbirləri nəzarətdə saxlamalıdırlar;
2.3.7. öz işini keyfiyyətlə görməli və işlərini mənimsəmə qabiliyyətini nümayiş etdirməklə peşəkarcasına davranmalı və işlərinə ehtiyatla yanaşmalıdırlar. İxtisas və məşqçi təcrübələrini təhrif etməməlidirlər;
məşq şəraitinin təhlükəsiz olduğunu dəyərləndirməlidirlər;
2.3.9. zədənin aradan qaldırılması və məşqə qayıtmaq məsələlərində ehtiyatlı olmaq öhdəliklərini yerinə yetirməlidirlər;
2.3.10. idmançıların bacarıqlarının inkişaf etdirilməsi və təhlükəsizliyi üçün vacib olmasına əmin olmalıdırlar;
2.3.11. istedad, inkişaf mərhələsi və məqsədlərə müvafiq olaraq hər bir idmançıya maksimum potensialına çatmağa köməklik göstərməlidirlər;
2.3.12. hər bir idmançıya şəxsiyyət kimi davranmalı və onları yarışlara müvəffəqiyyətlə hazırlamalıdırlar;
2.3.13. birliyin peşəkar hazırlığı üzrə tədris proqramlarına və müvafiq təlimatlarına uyğun olaraq müvafiq ixtisasa yiyələnməli və onu təsdiq etməlidirlər. Məşq prosesini daim dəyişən müasir məşqçilik təcrübəsinə uyğun aparmalıdırlar;
2.3.14. hər hansı bir yarış qaydalarına zidd olaraq idmançıya ədalətsiz yolla üstünlük əldə etməsi ilə bağlı tövsiyə verməməlidirlər;
2.3.15. idmançıların böyük idman karyeralarını bitirdikdən sonra idmanda digər fəaliyyətlə məşğul olmaları üçün mövcud imkanları dəstəkləməlidirlər.
2.4. Hakimlərə aid davranış qaydalarının əsas prinsipləri
Hakimlərə aid davranış qaydalarının əsas prinsipləri aşağıdakılardır:
2.4.1. Birliyin və bölmələrin Nizamnaməsi, Əsasnaməsini, velosiped idmanı növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara əməl etməlidirlər;
2.4.2. idmançıların təhlükəsizliyinin təmin olunmasında hər zaman ehtiyatlı olmaq öhdəliyini hər şeydən üstün tutmalıdırlar;
2.4.3. onlara həvalə edilən vəzifəni müvafiq geyimdə icra etmək üçün hazır olmalı və bütün öhdəliklərini peşəkarcasına, səriştə, effektivlik və son dərəcə dəqiqliklə yerinə yetirməlidirlər;
2.4.4. yarış vaxtı tələblərə zidd olan (danışmaq, yazışmaq, şəkil çəkmək və s.) hərəkətlərə yol verməməlidirlər;
2.4.5. bütün çıxışların dəyərləndirilməsində ədalət, qərəzsizlik və peşəkarlıq nümayiş etdirməlidirlər. Emosiyalara qapanmamalı, peşəkarcasına davranmalıdırlar;
2.4.6. digər rəsmi şəxslərlə və yarış təşkilatçıları ilə əməkdaşlıq etməyə hazır olmalı və onların mövcud qaydalara zidd olmayan tələblərinə hörmətlə yanaşmalıdırlar;
2.4.7. vaxtlı-vaxtında tələb olunan hesabat və dəyərləndirmələri təqdim etməlidirlər.
2.5. Rəsmi şəxslərə aid davranış qaydalarının əsas prinsipləri
Rəsmi şəxslərə aid davranış qaydalarının əsas prinsipləri aşağıdakılardır:
2.5.1. velosiped idmanı növünə aid bütün mövcud qüvvədə olan qayda və normalarını dərk etməli və onlara əməl etməlidirlər;
2.5.2. tələb olunduqda müvafiq vaxtda konstruktiv surətdə məlumatın ötürülməsi və cavabın verilməsini təmin etməlidirlər;
2.5.3. yarışların təşkili və gedişatı, hakimlik və digər vacib məsələlərlə bağlı qərarların qəbul edilməsində qərəzsiz olmalı və öz vəzifələrindən sui-istifadə etməməlidirlər;
2.5.4. yarışlar zamanı bütün mübahisəli məsələlərin həllinə ədalətlə yanaşmalıdırlar.
2.6. Birliyin rəsmi yarışları, tədbirləri və ya tanıdığı yarışlar və tədbirlər zamanı davranış qaydaları
Birliyin və bölmələrinin üzvləri, könüllülər və digər iştirakçılar aşağıdakılara riayət etməlidirlər:
2.6.1. yarış və ya tədbir iştirakçıları üçün hər zaman təhlükəsiz və dostluq mühiti yaratmalıdırlar;
2.6.2.yarış və ya tədbir iştirakçılarına nəzakət və hörmətlə yanaşmalıdırlar;
2.6.3. yarış zamanı Birlik tərəfindən müəyyən edilmiş geyim və digər məsələlərlə bağlı təlimatlara əməl etməlidirlər.
3. Maraqların toqquşmasının qarşısının alınması və maliyyə şəffaflığı
3.1. İştirakçılar televiziya, sponsorlar, tərəfdaşlar velosiped idmanının fəaliyyətini dəstəkləyənlərin töhfəsini velosiped idmanı növünün inkişafı üçün vacib olduğunu dərk etməli, Birliyin müstəsna məsuliyyət və səlahiyyəti olan rəsmi yarışlarının və tədbirlərinin təşkilinə müdaxilə etməməli və ya maneə törətməməli, Birliyin Nizamnaməsini müvafiq təlimat və qaydalarına, Ümumi Yığıncağın və İcraiyyə Komitəsinin qərarlarına riayət etməlidirlər;
3.2. İştirakçılar hər hansı bir üçüncü şəxs tərəfindən Birliyin Nizamnaməsinə və müvafiq qaydalarına uyğun olmayan maliyyə dəstəyi və ya siyasi təsir edə bilinəcək təkliflərdən imtina etməli və bu cür təkliflərin onlara edilməsindən yayınmalıdırlarar;
3.3. Birliyin fəaliyyəti ilə bağlı olan hər hansı bir tədbir zamanı iştirakçıların birbaşa və dolayı yolla hər hansı bir mükafat, komissiya, mənfəət, qeyri-leqal gəlirlərin əldə olunmasının tələb və ya təklif etmələrinə yol verilmir;
3.4. İştirakçılar tərəfindən dostluq və ya təqdir əlaməti olaraq hədiyyə verilə və ya qəbul edilə bilər və bu barədə tabelilik qaydasında aidiyyəti üzrə məlumat verilməlidir. Hakimlərə və yarışların nəticələrinə təsir edə biləcək digər səlahiyyətli şəxslərə hədiyyələrin verilməsi qadağandır.
3.5. Birliyin rəsmi yarışları və ya tanıdığı yarışlarda iştirak edən idmançıların çıxışları onunla yaxın qohumluq əlaqəsi olan hakim tərəfindən qiymətləndirilə bilməz. Belə bir maraq toqquşması meydana gəldikdə və ya meydana gəlməsi mümkün olduqda, müvafiq tədbirin görülməsi üçün Birliyin Baş katibinə dərhal xəbər verilməlidir. Yaxın qohumluq əlaqəsi dedikdə, idmançının hazırda həyat yoldaşı olan və ya keçmişdə həyat yoldaşı olmuş, o cümlədən ata, ana, nənə, baba, xala, bibi, qardaş, bacı, övlad, nəvə, qardaş, bacı oğlu və ya qızı daxil olmaqla, yaxın qohum və ya sonradan qohum olmuş şəxslər nəzərdə tutulur.
3.6. İştirakçılar hər hansı bir fəaliyyəti həyata keçirərkən rüşvət almaq və rüşvət verməkdən, mərc etməkdən, idmançıların nəticələrinə hər hansı bir yolla təsir göstərməkdən və ya korrupsiyanın hər hansı bir digər formasına cəlb olunmaqdan çəkinməlidirlər.
4. Məlumat mübadiləsi və paylaşımı
4.1. İştirakçılar sosial media vasitələrindən (facebook, instagram, twitter və s.) istifadə edərkən aşağıdakı davranış qaydalarına riayət etməlidirlər:
4.1.1. bütün növ sosial media vasitələrində digər şəxslər barəsində verilən hər bir bəyanat, açıqlama və digər məlumatların faktlarla və mötəbər mənbəyə əsaslandığına əmin olmalı, qəsdən xələl və zərər vermək niyyəti ilə məlumat və yanlış məlumatlar paylaşılmamalıdır;
4.1.2. sosial mediadan istifadə edərkən Birliyin və bölmələrin rəsmi şəxsləri, işçiləri, könüllüləri, qonaqları və ya digər iştirakçılarına birbaşa və ya dolayısı ilə böhtan, təhqiredici xarakterli məlumatların və materialların bütün növ informasiya mənbələrində yerləşdirilməsi yolverilməzdir;
4.1.3. idmançı, məşqçi, rəsmi şəxslər və digərləri barəsində qəbul edilmiş qərarlar haqda məlumatın verilməsi və həmin qərarlar haqda düzgün məlumatın çatdırılması aidiyyəti iştirakçılar tərəfindən müvafiq qaydada təmin edilməlidir;
4.1.4. Birliyin müvafiq qaydalarına uyğun olaraq səlahiyyətli olan aidiyyəti şəxsə Birliyin fəaliyyətində iştirak edən hər hansı bir iştirakçının nümayiş etdirdiyi təhqir və ya etinasızlıq haqda dərhal məlumat verməlidir;
4.1.5. səlahiyyətləri çərçivəsində öz fəaliyyət istiqamətlərinə aid və velosiped idmanı növünə aid məlumatlar verərkən nəzakətli və dürust olmalı, emosiyalara qapanmamalı, təhqiredici ifadələr işlətməməlidir.
5. Hakim, İdmançı və məşqçilərin andı
Hakim andı:
“Bütün hakimlər və rəsmi şəxslərin adından söz verirəm ki, Birliyin rəsmi yarışları və ya federasiyanın tanıdığı turnirlərdə vəzifəmizi qərəzsiz, yarışları tənzimləyən qaydalara riayət və əməl edərək, əsl idmançı ruhuna sadiq tərzdə yerinə yetirəcəyik.”
İdmançı andı:
“Bütün velosipedçilər adından söz verirəm ki, Birliyin rəsmi yarışları və ya federasiyanın tanıdığı turnirlərdə qərəzsiz, yarışları tənzimləyən qaydalara riayət və əməl etməklə, idmanın inkişafı və idmançı şərəfi naminə özümüzü dopinqsiz və narkotiksiz idmana həsr edərək, əsl idmançı ruhuna sadiq tərzdə iştirak edəcəyik.
Məşqçi andı:
“Bütün məşqçi və idmançıları əhatə edən digər şəxslər adından söz verirəm ki, Olimpizmin əsas prinsiplərinə müvafiq olaraq, özümüzü əsl idmançı ruhu və əxlaqına sadiq qalınması və onların qorunub saxlanılmasına həsr edəcəyik. Biz özümüzü idmançılara ədalətli yarış, dopinqsiz və narkotiksiz idman prinsiplərinə sadiq olmağı öyrətməyə və Birliyin rəsmi yarışları və ya federasiyanın tanıdığı turnirləri tənzimləyən qaydalarına əməl edilməsinə həsr edəcəyik.”
6. Qayda pozuntuları
İştirakçılar etika qaydalarının pozulması barədə Birliyin Baş katibini yazılı surətdə məlumatlandırmalıdırlar. Bu Qayda, eləcə də müəyyən edilmiş etik davranış qaydalarının pozulması halları Baş katibin təyin etdiyi məsul şəxs tərəfindən ilkin olaraq araşdırılmalı və nəticəsi ilə bağlı müvafiq qərar qəbul olunması üçün Birliyin rəhbərliyinə müvafiq məlumat təqdim edilməlidir. Etik davranış qaydalarının pozulması halına müvafiq komissiyada baxılması zərurəti yarandıqda isə Baş katib tərəfindən Birliyin rəhbərliyi qarşısında vəsatət qaldırılmalıdır.
7. Öhdəlik və məxfiçilik
7.1.İştirakçılar velosiped idmanı sahəsində mövcud qayda və tələblərə riayət edərək, qurduqları münasibətləri və gördükləri bütün işləri sağlam işgüzar şəraitdə yerinə yetirməyə cavabdehdirlər.
7.1. İştirakçılar paylaşdığı məlumatlarla məxflik qaydalarını pozmamalıdırlar. Hər hansı bir məlumatın ötürülməsi onlara heç bir şəxsi mənfəət və ya xeyr verməməli və hər hansı bir şəxsin və ya təşkilatın nüfuzuna xələl gətirmək məqsədilə istifadə olunmamalıdır.
8. Yekun müddəalar
8.1. Bu Qayda “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin bütün iştirakçılarına şamil olunur.
8.2. İştirakçılar öz fəaliyyətlərinə bu Qaydanı və velosiped idmanı sahəsində beynəlxalq etik davranış qaydalarını tənzimləyən sənədləri rəhbər tutmalıdırlar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu