25 iyun, 2022 14:00
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Beynəlxalq Velosipedçilər İttifaqı”nın Etik Kodeksinə və “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin (bundan sonra - Birlik) Nizamnaməsinə əsasən hazırlanmışdır. Birliyin, habelə filial və klublarının (bundan – sonra Bölmələr) gündəlik fəaliyyətinə cəlb edilmiş idmançılarının, məşqçilərinin, hakimlərinin, könüllülərinin, bütün əməkdaşlarının və Birliyin fəaliyyətinə cəlb edilmiş hər bir şəxsin (bundan sonra - İştirakçılar) öhdəlik və vəzifə funksiyalarının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, fəaliyyətlərini tənzimləyən müvafiq qayda və tələblərinin gözlənilməsi, ümumi olaraq sahə üzrə nizam və intizamın təmin olunması məqsədi ilə qəbul edilmişdir.
1.2. Bu Qaydanın tətbiqi ilə iştirakçılar arasında yaranan münasibətlərin tənzimlənməsinə, mübahisəli məsələlərin həllinə, iştirakçıların hüquqlarının real və ehtimal olunan təhdidlərdən qanuni vasitə ilə qorunmasına, ünsiyyətlərinin qarşılıqlı məmnunluq və xoş təəssürat yaradılması prinsipləri əsasında qurulmasına, davranış modelinin sağlam düşüncə əsasında seçilməsinə, Birliyin və bölmələrin fəaliyyətində əmək və icra intizamının möhkəmləndirilməsinə nail olunacaqdır.
2. İştirakçıların intizam məsuliyyətinə cəlb edilməsinin əsasları
İştirakçılar Birliyin, bölmənin Nizamnamə və Əsasnaməsini rəhbər tutmalı və rəhbər orqanlar tərəfindən qəbul edilmiş qərar və göstərişlərə hörmətlə yanaşmalıdırlar.
2.1. İştirakçılar aşağıda göstərilən əsaslara görə intizam məsuliyyətinə cəlb edilirlər:
2.1.1. Birliyin və bölmələrin rəhbər orqanları tərəfindən qəbul edilmiş qərar və göstərişlərin tələblərinin pozulmasına görə;
2.1.2. vicdanlılıq prinsiplərinin və peşəkar idman ənənələrinin pozulmasına görə;
2.1.3. öz davranış, fikir və ya hərəkətləri ilə velosiped idmanının imicinə ziyan vurulmasına görə;
2.1.5. Birliyin və bölmələrinin Nizamnamə və Əsasnamələrinin, müvafiq qayda və tələblərinin, təlimatlarının tələblərinin pozulmasına görə;
2.1.6. etik davranış qaydaları ilə müəyyən olunmuş davranış prinsiplərinin və qaydalarının tələblərinə əməl olunmamasına görə;
2.1.7. Birliyin və bölmələrinin adını və ya vəsaitlərini Nizamnamə və Əsasnaməsinə uyğun gəlməyən məqsədlər üçün istifadə etdiyinə görə;
2.1.8. Birliyin təşkil etdiyi və qatıldığı tədbirlərdə, rəsmi yarışlarda müəyyən edilmiş funksiyaları layiqincə yerinə yetirilməməsinə, Respublika və beynəlxalq velosiped idmanı üzrə qəbul olunmuş aidiyyəti qayda və tələblərə əməl edilməməsinə görə;
2.1.9. fəaliyyəti ilə bağlı qarşıya qoyulmuş tələblərin vaxtında və keyfiyyətlə yerinə yetirilməməsinə görə;
2.1.10. bağlanılmış müqavilənin şərtlərini, öz vəzifə və funksiyalarını yerinə yetirməməsinə görə;
2.1.11. əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğına qarşı mübarizə və sanitariya qaydalarına riayət olunmamasına görə;
2.1.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə vurulmuş maddi ziyana görə;
2.1.13. etik normaların və ya qanun pozuntularına yol verilməsinə dair dövlət və ya qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş əsaslandırılmış müraciətlər;
2.1.14. məşq və ya funksional vəzifələrin icrası zamanı qəsdən və ya etinasızlıq nəticəsində istifadədə olan əmlaka ziyan vurulmasına görə;
2.1.15. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
2.2. İştirakçılar barəsində aşağıdakı intizam tənbehi və digər tədbirlər görülür:
2.2.1. yazılı xəbərdarlıq;
2.2.2. töhmət vermək,
2.2.3. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
2.2.4. aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;
2.2.5. vəzifəsini aşağı salmaq, layiq görüldüyü müvafiq kateqoriya və ya diplomlarını ləğv etmək;
2.2.6. Birliyin və bölmələrinin rəhbər orqanlarına seçilmiş şəxsin müəyyən və ya qeyri-müəyyən müddətə vəzifəsindən (üzvlükdən) müvəqqəti kənarlaşdırmaq;
2.2.7. Birliyin təşkil etdiyi və qatıldığı tədbirlərə, rəsmi yarışlara bir və ya bir neçə dəfə müvəqqəti olaraq buraxılmamaq;
2.2.8. yarışın nəticələrini ləğv etmək;
2.2.9. verilmiş pul mükafatlarının, hədiyyələrin geri alınması;
2.2.10. dopinqlə mübarizə qaydalarından irəli gələn və Birliyin səlahiyyətinə aid olan intizam tədbirlərinin tətbiq edilməsi;
2.2.11. bağlanılmış müqaviləni qanunvericiliyin tələblərinə uyğun ləğv etmək; 2.2.12. intizam tənbehi tədbiri kimi təklif olunan digər tədbirlərin görülməsi.
3. İntizam icraatının subyektləri
3.1. İntizam icraatının subyektləri aşağıdakılardır:
3.1.1. hüquqları pozulması ehtimal olunan tərəf (zərərçəkmiş);
3.1.2. intizam xətasını törətməsi ehtimal olunan tərəf (təqsirli tərəf);3.1.3. hadisəni və ya intizam xətasının səbəb və şəraitini təsdiq edən tərəf (şahidlər);
3.1.4. cəlb edilmiş xüsusi biliyə malik mütəxəssislər;
3.1.5. intizam icraatını həyata keçirən intizam komissiyası.
3.2. Bu Qaydanın 3.1.5-ci yarımbəndində göstərilən subyekt istisna olunmaqla intizam icraatının digər subyektləri səlahiyyətli nümayəndələri vasitəsilə təmsil oluna bilərlər. Bu cür şəxslərə müvafiq yazılı, zərurət yarandıqda isə notarial təsdiq olunmuş etibarnamə verilməlidir.
3.3. İntizam icraatının 18 yaşına çatmayan subyektlərinin qanuni nümayəndələri də dinləmələrdə iştirak etməlidirlər.
3.4. İntizam icraatını həyata keçirən intizam komissiyası (bundan sonra -komissiya) tərəfindən zəruri hesab edildiyi halda, digər subyektlər araşdırma prosesində şəxsən iştirak etməyi tələb edə bilərlər.
3.5. Barəsində şikayət daxil olmuş subyekt bu barədə elektron poçtu, şəxsi ünvanı və ya telefonu vasitəsilə xəbərdar edilir. Çağırılan subyekt səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunduqda, yazılı xəbərdarlıq həmin nümayəndənin bilavasitə ünvanına çatdırılmalıdır. Xəbərdarlıq edilmə ilə bağlı rəsmiləşdirilmə aparılmalıdır.
3.6. İntizam məsuliyyətinə baxılması konkret şəxs (şəxslərə) və ya dolayısı ilə digər şəxsə (şəxslərə) aidiyyəti varsa, həmin şəxs və ya şəxslər intizam icraatına əyani və ya qiyabi formada iştirak üçün cəlb edilə bilərlər. İntizam məsuliyyətinə cəlb olunan şəxsin (şəxslərin) və ya aidiyyəti subyektlərin (şahid və mütəxəssis və s.) intizam icraatında üzrsüz səbəbdən iştirak etmədiyi halda icraatın aparılması həyata keçirilir və müvafiq qərar qəbul edilir.
3.7. Subyektlərə müzakirə olunan şikayət barədə informasiyanı (tam və ya qismən) üçüncü şəxslərə açıqlamaq qadağan edilir. Bu qadağa subyektlərin informasiyanı səlahiyyətli nümayəndələrə açıqlamasına şamil edilmir.
3.8. intizam icraatını həyata keçirən komissiyanın icazəsi ilə zərərçəkmiş və ya barəsində şikayət olunan subyekt (təmsilçiliyi həyata keçirən nümayəndələr) yoxlama materialı ilə ona aid hissədə tanış olmaq, əlavə sübut və dəlillər təqdim etməklə özlərini müdafiə edə bilərlər.
3.9. İki və daha artıq qayda pozuntusu törədilməsi (əgər bu qayda pozuntusu cəza tətbiq edilən əvvəlki əməlin törədilməsindən sonrakı 3 (üç) il ərzində törədildikdə) ağırlaşdırıcı hal sayılır.
3.10. Subyektlər intizam tənbehinin tədbiqi ilə bağlı işlərə baxan komissiyanın hər hansı üzvünün işdə iştirakına maraqların toqquşması halında, həmin işə baxılmamışdan əvvəl etiraz etməklə kənarlaşdırılmasına dair vəsatət verə bilər. İcraatdan kənarlaşdırma barədə vəsatət yazılı formada verilir və komissiyanın sədrinə ünvanlanır. Komissiyanın sədri vəsatət barədə qərarı sərbəst şəkildə qəbul edir. Komissiyanın sədrinin icraatdan kənarlaşdırılması barədə vəsatətə həmin komissiyanın digər üzvü və ya digər səlahiyyətli rəsmi şəxs (Birliyin ali idarəetmə və ya icra orqanının üzvü olan şəxs) tərəfindən baxıla bilər. Həmin şəxs Birliyin rəhbərliyi tərəfindən müəyyən edilir.
3.11. Subyektlər komissiyanın qərarından Birliyin İcraiyyə Komitəsinə apellyasiya şikayəti verə bilər. Apellyasiyanın verilmə qaydası və onun verilməsi üçün yekun müddətlər komissiyanın yekun qərarında göstərilməlidir. Qəbul olunmuş qərar subyektlərə və Birliyin rəhbərliyinə təqdim edilir.
4. İntizam tənbehi tədbirlərinin həyata keçirilməsi ilə bağlı müddətlər
4.1. İntizam pozuntusu aşağıdakı müddətlərdən gec olmayaraq komissiyanın müzakirəsinə çıxarıla bilər:
4.1.1. yarışlarda baş vermiş pozuntu hesab edilən bütün əməllərə görə - həmin yarış başa çatdıqdan sonra 1 (bir) ay ərzində;
4.1.2. cinsi istismar və zorakılıqla əlaqədar bütün digər əməllərdə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq;
4.1.3. əmək və ya icra intizamının pozulması ilə bağlı işlərdə əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə;
4.2. eyni bir intizam xatasına görə təqsirli bilinən şəxsə yalnız bir intizam tənbehi verilə bilər;
4.3. intizam tənbehinin verilməsi iştirakçı tərəfindən vurulmuş zərərin ödənilməsindən azad etmir;
4.4. İntizam tənbehi verilən gündən altı ay ərzində qüvvədə olur. Həmin müddət ərzində işçi yeni intizam xətası törətməzsə və vəzifələrinin icrasına layiqincə yanaşarsa Birliyin rəhbərliyinin əmri, sərəncamı ilə intizam tənbehi onun üzərindən vaxtından əvvəl götürülə bilər.
4.5. İntizam tənbehi verilməsi zamanı iştirakçının şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hislərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
5. İntizam tənbehi tədbirlərinin həyata keçirilməsi
5.1. İntizam prosedurlarına baxılması qaydası:
5.1.1. iştirakçılar və müvafiq şəxslər tərəfindən bu qaydanın 2.1-ci hissəsində qeyd olunan əsaslarla bağlı pozuntular aşkar və müəyyən edildikdə bu barədə Birliyin Baş katibini yazılı surətdə məlumatlandırmalıdırlar. Daxil olmuş məlumat əsasında Baş katibin təyin etdiyi məsul şəxs tərəfindən həmin məlumatlar ilkin olaraq araşdırılmalı və nəticəsi ilə bağlı müvafiq qərar qəbul olunması üçün Birliyin rəhbərliyinə təqdim edilməlidir. Həmin məlumata komissiyada baxılması zərurəti yarandıqda isə Baş katib tərəfindən Birliyin rəhbərliyinə ilkin araşdırma ilə bağlı əldə olunmuş bütün sübut və dəlillər də əlavə olunmaqla müvafiq təklif verilməli və bu qaydanın 2.1-ci hissəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirlərindən birinin verilməsi barədə vəsatət qaldırılmalıdır.
5.2. Komissiya tərəfindən intizam tənbehi tədbirlərindən birinin verilməsi və ya imtina edilməsi ilə bağlı aşağıdakı işlər və görülən tədbirlər:
5.2.1. Komissiya tərəfindən bu Qaydanın 2.1-ci bəndində göstərilmiş pozuntularla bağlı daxil olan müraciətlərə baxılır. Müraciətlərə 20 (iyirmi) iş günü müddətində baxılmalıdır. Müraciətlərə baxılması müddəti komissiyanın yazılı müraciəti əsasında Birliyin rəhbərliyi tərəfindən əlavə olaraq 20 (iyirmi) iş günü müdətinə uzadıla bilər.
5.2.2. Komissiya tərəfindən daxil olmuş məlumatlar öyrənildikdən sonra, komissiyanın sədri tərəfindən bütün üzvlər və həmçinin işdəki subyektlər və onların qanuni təmsilçiləri işin baxılacağı yer və vaxt barədə malumatlandırılır;
5.2.3. Birliyin Baş katibinin verdiyi müvafiq təklifə əsasən və işin mahiyyətindən asılı olaraq, komissiya subyektlərinin iştirakı olmadan və dinləmələr keçirmədən intizam prosedurlarına dair işlərə qapalı şəkildə baxıla bilər. Dinləmələr keçirilmədiyi halda, komissiyanın sədri bütün subyektlərə şikayətin məzmunu barədə məlumat verməlidir. Subyektlər bu barədə məlumat əldə etdikdən sonra 10 (on) təqvim günü ərzində iddia olunan tələbə öz yazılı münasibətlərini komissiyaya təqdim etməlidirlər.
5.2.4. Komissiya intizam icraatının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş subyektin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, müvafiq subyektin iştirakı olmadan işə baxmaq va qərar qəbul etmək hüququ var;
5.2.5. Komissiya intizam icraatına əlavə müvafiq mütəxəssis cəlb edə, araşdırma ilə bağlı aidiyyəti şəxslərdən və qurumlardan öz səlahiyyətləri çərçivəsində əlavə sənədlər, izahatlar, sübut və dəlillər və s. ala bilər və ya müvafiq qurumlara sorğu ilə müraciət edilməsi üçün Birliyin rəhbərliyi qarşısında vəsatət qaldıra bilər;
5.2.6. Komissiya tərəfindən daxil olmuş məlumat (əməl) obyektiv araşdırılaraq yekunda bu Qayda ilə intizam tənbehi kimi müəyyən edilmiş tədbirlərin birini və müddətini müəyyən etməli və ya intizam tənbehinin tətbiq edilməsi ilə bağlı kifayət qədər əsas olmaması səbəbindən tənbehinin tətbiq edilməsindən imtina etməlidir;
5.2.7. intizam tənbehi verilərkən intizam xətasının ağırlığı, xarakteri, iş ahənginə mənfi təsirlilik dərəcəsi, intizam pozuntusuna yol vermiş şəxsin fərdi xüsusiyyətləri, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətaya münasibəti nəzərə alınmalıdır;
5.2.8. əhəmiyyətli dərəcədə yüngül qayda pozuntuları və ya yüngülləşdirici əsaslar olduqda, intizam təsir vasitəsi kimi xəbərdarlıq edilməklə intizam tənbehi tədbirləri tətbiq edilməyə bilər;
5.2.9. Komissiya tərəfindən bu Qaydanın 3.9-cu bəndində qeyd olunan hallar qərar qəbul edilərkən nəzərə alınır;
5.2.10. bir neçə qayda pozuntusu törədildiyi təqdirdə, ən ağır qayda pozuntusu üçün nəzərdə tutulmuş müvafiq tədbirlər daha kiçik qayda pozuntusuna görə nəzərdə tutulmuş tədbirlərin yarısı ilə toplanmaqla tətbiq edilir.
5.2.11. Komissiya Birliyin Nizamnaməsinin, rəhbər orqanları tərəfindən qəbul edilmiş qərar və göstərişlərin pozulması yolu ilə qazanılmış pul və digər mükafatların müsadirə edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Bundan əlavə, Komissiya tərəfindən Birliyin Nizamnaməsinin, rəhbər orqanları tərəfindən qəbul edilmiş qərar və göstərişlərin pozulmasına şübhələr olduğu halda, bu məsələ ilə əlaqədar araşdırmalar başa çatdırılanadək mükafatların müsadirə edilməsi ilə bağlı Birliyin rəhbərliyinə müvafiq təklif verə bilər.
5.2.12. Komissiya mübahisənin həlli üçün məqbul bildiyi istənilən mötəbər sübutlara istinad edə bilər. Komissiyanın qərarı əsaslandırılmış olmalıdır. Zərurət yarandıqda, qərarda işin baxılmasından irəli gələn zərər və xərclərin ödənilməsi qaydası göstərilməlidir.
5.2.13. Komissiya tərəfindən baxılan işlərin protokolları geniş ictimaiyyətə açıqlanmır. Qəbul edilmiş yekun qərarlar Birliyin rəhbərliyinin göstərişi ilə müxtəlif kütləvi informasiya vasitələrində tam va ya qismən dərc edilə bilər;
5.2.14. Komissiya heç bir qayda pozuntusunun olmaması və ya icraatın yekunlaşdırılmasını zəruri hesab etdiyi hallarda əsaslandırılmış və yazılı qərar çıxarır. Bu qaydanın 4-cü hissəsində göstərilən iddia müddəti bitmədiyi halda icraatı dayandırılmış işlər, əgər yeni sübutlar aşkar edilərsə, yenidən bərpa edilə bilər;
5.2.15. Komissiyanın sədri və üzvləri tərəfindən baxılan iş onun və ya ailə üzvlərinin maraqları ilə toqquşursa, dərhal prosesdə iştirakdan imtina etməlidirlər. baxılan işin nəticəsində və ya ümumiyyətlə baxılan işdə maraqlıdırsa, iştirakdan imtina etməlidirlər;
5.2.16. Komissiyanın iclasları protokollaşdırılır. Protokol komissiyanın sədri, sədr olmadıqda müvafiq üzvü və komissiyanın katibi tərəfindən imzalanır. Protokolda işdə iştirak edən bütün tərəflərin çıxışları əksini tapmalıdır. Protokollar prosesin audio yazılışı ilə əvəz oluna bilər;
5.2.17. Komissiya tərəfindən işə baxılmasının sonunda subyektlərin iştirakı olmadan qapalı müşavirə keçirilir və yekun olaraq müvafiq əsaslandırılmış qərar qəbul edilir. Komissiya iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərar Komissiyada iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə iştirak edən bütün üzvlər səs verməlidirlər. Səslər bərabər olduqda, sədrin səsi həlledici sayılır. Komissiyanın üzvləri komissiya tərəfindən aparılan müzakirələrin məxfiliyini təmin etməlidirlər. Subyektlər komissiyanın qərarından apellyasiya şikayəti verə bilərlər. Apellyasiyanın verilmə qaydası və onun verilməsi üçün yekun müddətlər göstərilməlidir. Qəbul olunmuş qərar tərəflərə və müvafiq tədbir görülməsi üçün Birliyin rəhbərliyinə təqdim edilir;
5.2.18. Komissiyanın qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının qanunvericiliyinə, işə baxılarkən sahəni tənzimləyən normativ sənədlərin, ümumqəbul edilmiş beynəlxalq qaydaların, təlimatların və s. sənədlərin tələblərinə zidd olmamalıdır.
6. Apellyasiya şikayəti verilməsi və baxılması qaydası
6.1. Yarışların nəticəsini müəyyən edən və ya bu Qayda ilə nəzərdə tutulmuş iştirakçılar arasında münasibətləri tənzimləyən qərarlardan hüquqlarının pozulmasını iddia edən tərəf və ya nümayəndəsi İcraiyyə Komitəsinə apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayəti yazılı formada tərtib olunur və apellyasiyaya təqdim edən tərəfindən imzalanır və komissiyanın qərarının surəti alınandan sonra 10 (on) gün ərzində İcraiyyə Komitəsinə ünvanlanır.
Apellyasiya şikayətinə 15 (on beş) iş günü müddətində baxılmalıdır. Müraciətlərə baxılması müddəti İcraiyyə Komitəsinin yazılı müraciəti əsasında Birliyin rəhbərliyi tərəfindən əlavə olaraq 15 (on beş) iş günü müdətinə uzadıla bilər.
6.2. Apellyasiya şikayətinin verilməsi komissiyanın qəbul etdiyi intizam tənbehi tədbirlərinin tətbiqini dayandırmır. Lakin lazımi qaydada əsaslandırılmış müraciət daxil olduqda, İcraiyyə Komitəsi sədri və ya müavini apellyasiya dinləmələri sona çatanadək intizam tənbehinin tətbiqinin müvəqqəti dayandırılması barədə xüsusi göstəriş verə bilər.
6.3. Apellyasiya şikayəti özündə apellyasiya şikayəti vermək üçün əsas olan faktları, şikayət verənin istinad etdiyi sübutları və ya yeni sübutların təqdim edilməsini, həmçinin zərurət yarandıqda iş üzrə mütəxəssis və ya şahidlərin cəlb edilməsi kimi xahişləri əks etdirməlidir.
6.4. Apellyasiya şikayəti verənə şikayət təqdim olunduqdan sonra yeni sübutlar təqdim etməyə icazə verilmir. Lakin o, həmin sübutları şikayət təqdim etməmişdən əvvəl verə bilməzdisə və ya bu hal onun iradəsindən asılı deyildisə, bu hal sübutların təqdim edilməsinə qoyulmuş məhdudiyyət istisna hal kimi aradan qaldırılır.
6.5. İcraiyyə Komitəsinin sədri və ya onun müvəkkil etdiyi Komitə üzvlərindən biri icraatda iştirak edən aidiyyəti subyektlərə apellyasiya şikayəti barədə məlumat verməlidir. Subyektlər bu barədə məlumat əldə etdikdən sonra 7 (yeddi) təqvim günü ərzində iddia olunan tələbə öz yazılı münasibətlərini təqdim etməlidirlər.
6.6. İcraiyyə Komitəsi apellyasiya şikayətinə öz iclaslarında tərəflərin iştirakı olmadan və əlavə dinləmələr keçirmədən işə mahiyyəti üzrə baxır.
6.7. Əgər apellyasiya şikayəti verən şəxs dinləmələrin keçirilməsini tələb edirsə, İcraiyyə Komitəsinin sədri və ya onun müvəkkil etdiyi Komitə üzvü tərəfindən bu cür vəsatət əsaslı hesab edilərsə, bu halda apellyasiya şikayətinin baxılacağı İcraiyyə Komitəsinin iclasının vaxtı və yeri müəyyən edilir. Bu iclasda bütün subyektlərin iştirakı məcburidir. Zərurət olduqda, iclasa şahidlər, ekspertlər və digər şəxslər dəvət oluna bilərlər. Dinləmələr barədə bildiriş iclasın keçirilməsinə ən azı 3 (üç) gün qalmış tərəflərə göndərilir.
6.8. İclasın sonunda İcraiyyə Komitəsi apellyasiya şikayətinin təmin edilməsi (tam və ya qismən) və ya təmin olunmaması barədə qərar qəbul edir.
6.9. İcraiyyə Komitəsinin qərarından Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə şikayət verilə bilər.
7. Yekun müddəalar
7.1. İntizam tənbeh tədbirlərinin tətbiq edilməsi İcraiyyə Komitəsinin qərarı əsasında intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxsin əmri ilə həyata keçirilir.
7.2. Bu Qayda “Azərbaycan Velosiped Federasiyası” İctimai Birliyinin bütün iştirakçılarına şamil olunur.
7.3. Bu Qaydada nəzərdə tutulmayan məsələlərin tənzimlənməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir və ziddiyyət təşkil etdikdə qanunvericiliyin müddəaları rətbər tutulur.
7.4. Bu Qaydaya dəyişikliklərin edilməsi zərurəti yarandıqda əsaslandırılmış təkliflər Birliyin rəhbərliyinə təqdim olunur və İcraiyyə Komitəsi tərəfindən baxılaraq müvafiq qərar qəbul edilir.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu