30 may, 2018 19:56
BMX üzrə DÇ-nin İşçi Qrupunun rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərovun AZƏRTAC-a məxsusi müsahibəsi
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan iyunun 5-9-da növbəti mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Dünyanın ən nüfuzlu turnirlərindən olan BMX velosipedi üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü, velosiped idmanının BMX növü üzrə 2018-ci il Dünya Çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov dünya çempionatı ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Sahib müəllim, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan tanınmış bir idman ölkəsidir. Azərbaycanın idman ölkəsinə çevrilməsində burada keçirilən mötəbər idman tədbirlərinin də rolu böyükdür. İyunun əvvəllərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı, bu idman növü və onun Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycanda digər idman növləri kimi velosiped idmanının inkişafı da son illər nəzərəçarpacaq dərəcədə sürətlənib, ölkəmizdə beynəlxalq təqvimlərə daxil edilmiş velosiped yarışları keçirilməyə başlanılıb. 2012-ci ildə Azərbaycan ilk dəfə 23 yaşınadək gənclər arasında velosiped idmanının şosse növü üzrə beynəlxalq yarışa ev sahibliyi edib. 2013-cü ildən başlayaraq isə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışı keçirilir.
BMX nisbətən yeni idman növüdür, 70-ci illərdən etibarən ABŞ-da inkişaf etməyə başlayıb, sonra digər qitələrə də yayılıb. Hazırda ən baxımlı, ən çox tamaşaçı cəlb edən yarışlardan biridir.
İndiyə kimi ölkəmiz Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Velosiped idmanının olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca 4-cü dünya çempionatıdır.
Bu çempionat böyük bir idman hadisəsi olmaqla yanaşı, Azərbaycanda turizmin inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edən tədbirdir. 60-a yaxın ölkənin idmançıları bu çempionatda iştirak etmək uğrunda mübarizə aparıblar.
BMX üzrə dünya çempionatının özəl xüsusiyyətlərindən biri də odur ki, bu yarışda uşaqlar və yeniyetmələr də iştirak edirlər. Bu günədək "Challange" qrupunda yarışacaq 1304 nəfər və Elit qrupunda yarışacaq 216 nəfər, cəmi 1520 idmançı artıq qeydiyyatdan keçib. Onlardan 714 nəfəri 15 yaşa qədərdir. Təbii ki, yarışda iştirak edəcək yeniyetmə idmançılar Bakıya tək gəlməyəcək, valideynləri və ya qohumları tərəfindən müşayiət olunacaqlar. Bundan əlavə, dünya çempionatını izləmək üçün paytaxtımıza minlərlə turist gələcək. Onların Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə tanış olmaları üçün lazımi işlər görülüb. Əminik ki, həmişə olduğu kimi bu dəfə də qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.
Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-ci ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişdi. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırıldı, maneələrin konfiqurasiyası dəyişdirildi. Bununla əlaqədar olaraq biz treki söküb yenidən tikməli olduq. Bu gün bizim stadionumuz çox gözəl, beynəlxalq standartlara tam cavab verən bir stadiondur. Ötən ilin oktyabr ayında burada beynəlxalq test yarışları keçirildi. 2018-ci ilin əvvəlindən indiyə kimi Yaponiyadan, Avstraliyadan, Hollandiyadan, Fransadan, Almaniyadan və Rusiyadan komandalar Bakıya gələrək burada təlim-məşq toplanışları keçiriblər. Onların hamısı stadionumuzu, burada yaradılmış şəraiti çox yüksək qiymətləndiriblər.
- Yeri gəlmişkən, BMX stadionu nə üçün məhz bu ərazidə inşa olunub?
- Bunun öz tarixçəsi var. Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz bir mənzərə yaranırdı.
Azərbaycanın hər bir güşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş xalqımızın Ümummilli Lideri Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvələrində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən bura su çəkildi, Badamdar tərəfdəki dağların başında böyük su çənləri qoyuldu, oradan da su oz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməclik yolu ilə həyata keçirilirdi və Heydər Əliyevin özü də bu iməcliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. Biz arxivlərdən ölkənin birinci şəxsinin iştirak etdiyi bu iməcliklərin unikal video materiallarını əldə etmişik və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi internet səhifəsində (www.azvif.az) yerləşdirmişik. 50 il əvvəl Heydə Əliyevin öz əlləri ilə əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə həmin ağacların kim tərəfindən əkildiyini göstərən lövhələr bu gün bizim tərəfindən qorunur.
Lakin çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başladı.
2005-ci il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı.
2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə ölkə başçısına müraciət etdik və o bizi dəstəklədi.
Ötən 5 il ərzində Federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və kol əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, mən bizə bu imkanı yaratmış dövlət başçısına və bu işdə bizə yardımçı olanların hamısına öz minnətdarlağımı bildirirəm.
- Azərbaycanın təbliği və tanıdılması baxımından bu dünya çempionatı nə kimi rol oynayacaq? Çempionatın gedişi hansı xarici KİV-lərdə, televiziyalarda işıqlandırılacaq?
- Ölkənin tanıdılması və təbliği baxımından velosiped idmanı Formula-1 yarışlarından sonra ikinci yerdədir. Qeyd etmək kifayətdir ki, ötən il “Tour d’Azerbaidjan” yarışını dünyanın 56 ölkəsində 72 telekanal vasitəsilə 32 milyon insan izləmişdi. Saytları və sosial şəbəkələri də nəzərə alsaq, izləyicilərin sayı daha çoxdur. Bakıda keçiriləcək BMX üzrə dünya çempionatı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif telekanallar vasitəsilə canlı olaraq yayımlanacaq. Tədbiri işıqlandırmaq üçün çoxlu sayda xarici jurnalist Bakıya gələcək və artıq onların akkreditasiyası bitmək üzrədir. Çəkilişləri isə yerli şirkət olan Bakı Media Mərkəzi həyata keçirəcək.
Ölkənin tanıdılması üçün yarış günlərində Velopark ərazisində konsertlər və ekskursiyalar, digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının, eyni zamanda bu çempionatın simvolu olan Qız Qalasının müxtəlif ölkələrin rəssamları tərəfindən işlənilmiş maketlərinin və ceyran fiqurlarının sərgisi təşkil olunucaq. Qonaqlar Azərbaycan mətbəxinin təamlarını dada biləcək, milli adət-ənənələrimizlə də tanış olacaqlar.
Paytaxtımızdakı teatrlar, konsert salonları repertuarlarını bu tədbirə uyğunlaşdıracaqlar. Müxtəlif ekskursiyalar təşkil olunacaq, idmançılara, turistlərə, qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi haqqında öz biliklərini genişləndirmək üçün şərait yaradılacaq.
- Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Bu nə ilə bağlıdır?
- Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir. Bununla bağlı bir neçə ildir ki, ölkəmizdə ciddi işlər aparılır. 2014-ci ildə Bakıda buna həsr olunmuş beynəlxalq Sammit də keçirilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu itiqamətdə çox faydalı işlər görür.
Qafqaz bəbirinin talisman seçilməsi təsadüfü deyil. Onun bu idman növü ilə oxşarlığı var. Qafqaz bəbiri sürət, cəldlik rəmzidir. BMX idman növündə də qələbəni məhz sürət və cəldlik təmin edir.
- Dünya çempionatlarına ev sahibliyi etmək istəyən ölkələr çoxdur, böyük rəqabət var. Ev sahibliyi etməyə 3-4 il əvvəlcədən namizədlik irəli sürülür və seçim aparılır. Necə oldu ki, builki çempionatı keçirmək hüququ Azərbaycana verildi?
- Azərbaycana dünya çempionatının keçirilməsinin həvalə olunması əsasən ölkəmizdə yaradılmış idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkilində ölkəmizin böyük təcrübəsi ilə bağlıdır.
2015-ci ildə ilk Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa Velosipedçilər İttifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər.
Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi, bundan sonra hazırlıq işlərinə başlanıldı.
2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi və aparıcı nazirliklərin, eləcə də aidiyyəti dövlət qurumlarının və idman təşkilatlarının nümayəndələrinin daxil edildiyi bu Komitənin köməyi və dəstəyi ilə artıq çempionata hazırılıq işləri yekunlaşmaq üzrədir.
- Çempionatın keçirilməsinə bir həftə vaxt qalıb. Bakı BMX üzrə dünya çempionatına hazırdırmı?
- Bəli, stadionumuz bu yarışların keçirilməsi üçün tam hazır vəziyyətdədir. Təşkilatı işlər də artıq başa çatmaq üzrədir. Keçən il ABŞ-da keçirilmiş əvvəlki dünya çempionatında estafeti qəbul etdikdən sonra idmançıların yarışa gəlmələrini stimullaşdırmaq məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı təbliğat-təşviqat kampaniyası aparılıb. Çempionatın rəsmi internet səhifəsi, sosial şəbəkələr vasitəsilə aparılan işləri xüsusi qeyd etmək lazımdır. Bu gün tam əminliklə demək olar ki, Bakıdakı dünya çempionatına maraq olduqca böyükdür. Kiçik bir misal çəkim: iki ay əvvəl mən stadionda Sankt-Peterburq dövlət nömrə nişanlı bir avtobus və məşq edən xeyli sayda uşaq gördüm. Söhbət əsnasında məlum oldu ki, onlar “Challenge” yaş qrupunda yarışacaq yeniyetmələrdir. Valideynlər öz hesablarına avtobus kirayələyərək uşaqlarını Bakıya gətiriblər və burada təlim-məşq toplanışı təşkil ediblər.
Yarışları canlı olaraq izləmək istəyənlər biletləri www.iticket.az saytı vasitəsilə elektron qaydada, yaxud Veloparka gələrkən bilavasitə stadionun girişində fəaliyyət göstərəcək kassadan ala bilərlər.
Veloparkda təşkil olunan istirahət və əyləncə zonasına giriş isə pulsuz olacaq. Veloparka ictimai nəqliyyatla gəlmək istəyənlər 125 və 205 nömrəli marşrut avtobuslarının, habelə Azneft Meydanı - Velopark marşrutu ilə işləyəcək, xüsusi olaraq ayrılacaq avtobusların xidmətlərindən istifadə edə biləcəklər.
Veloparka gələn hər bir kəs 5 gün ərzində, iyun ayının 5-dən 9-dək həm idman yarışlarını izləyə biləcək, həm də bu gözəl parkda onlar üçün yaradılmış şəraitdən yararlanaraq dincələ biləcəklər.
“Challange” yarışları iyunun 5-7-si tarixlərində səhər saat 09:30-dan axşam saatlarına qədər keçiriləcək. Elit qrupunda yarışlar isə iyunun 8-9-u tarixlərində axşam saat 20:30-dan 23:00-dək davam edəcək.
Biz bütün bakılıları və şəhərimizin qonaqlarını bu gözəl məkanda keçiriləcək möhtəşəm idman bayramına dəvət edirik.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu