08 iyul, 2022 00:00
İyulun 8-də “Sport Palace” otelində “Əziz Şuşa” beynəlxalq velosiped yarışına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev, Azərbaycan Velosiped Federasiyasının (AVF) İcraiyyə Komitəsinin üzvü, yarışın direktoru Vüqar Salahov, AVF-nin baş katibi Elnarə Musayeva, Niderlanddan dəvət edilən yarışın baş hakimi Ervin Kistemaker və hakimlər kollegiyasının üzvü Martin Bruin iştirak edib.
Tədbirdə qeyd olunub ki, mötəbər yarışın ikinci mərhələsini işğaldan azad olunmuş ərazilərimizdə - Füzuli və Şuşada keçirmək hər bir azərbaycanlıda böyük qürur, fərəh və sevinc hissi yaradır.
Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən şose velosipedi üzrə yarış 2 mərhələdən ibarətdir. 8 ölkənin 13 komandasından 75-dək idmançının mübarizə aparacağı mötəbər yarışın birinci mərhələsi iyulun 9-da Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.
Vurğulanıb ki, yarışın təşkilati işlərində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilir və bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Ölkəmizə gələn bütün idmançılar və nümayəndə heyətləri üçün Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən yüksək şərait yaradılıb.
Sonda konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları iştirak edəcək. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandamız, MSN velosiped klubu və “Triterra Baku Triathlon Club” təmsil edəcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu